Masallı şəhəri
Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tabeli şəhər statusu almışdır.
== Ərazisi ==
Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka (Viləş) kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
== Toponimikası ==
Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə "məsəlli yer" adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra "mosullu" adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şıxlar kəndi və Masallının adı çəkilir ("Əxbərnamə", Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub.
İran İslam Respublikasının Gilan ostanında hal-hazırda Masal adlı kiçik bir şəhər vardır.