Şahvələd Köçərli
Şahvələd Süleyman oğlu Köçərli (31 dekabr 1935) — neftçi-geoloq, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (1965), "Azneftgeofizika" tresti İB-də baş geoloq və baş direktor (1981-1992).
== Həyatı ==
Şahvələd Köçərli 31 dekabr 1935-ci ildə Gədəbəy rayonunda, Şınıx mahalının İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universiteti (İndiki Bakı Dövlət Universiteti)nə qəbul olunmuş və 1959-cu ildə universitetin “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir, 1959-1962-ci illərdə “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. 1962-1965-ci illərdə “AMEA Geologiya İnstitutu”nda aspiranturada oxumuş, 1965-ci ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1966-1974-cü illərdə “Geologiya İnstitutu”nda kiçik və baş elmi işçi, 1974-1981-ci illərdə “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, 1981-1992-ci illərdə “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmişdir.
1993-1998-ci illərdə o “TPAO” (Türkiye Petrolleri Anonim Ortaklığı)- Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir.
Şahvələd Köçərli 1998-2011-ci illərdə Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Onun biləvasitə rəhbərliyi və iştirakı ilə respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmışdır. O hazırda "Azərbaycan Milli Geofizika Komitəsinin vitse-Prezidenti, “Azərbaycanda Gefizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir.
== Elmi fəaliyyəti ==
Şahvələd Köçərlinin elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı və neftli-qazlı hövzələrin struktur-tektonik quruluşu, neft-qazlılığı ilə əlaqədardır. O, 150-dən çox elmi və publisistik əsərin müəllifidir.