Mihrimah Sultan (Mehmed Ziyayəddin Əfəndinin qızı)
Mihrimah Sultan (1 noyabr 1922, Konstantinopol – 30 mart 2000, Amman) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Mihrimah Sultan, Osmanlı səltənətinin ləğvindən 10 gün sonra - 11 noyabr 1922-ci ildə atasına məxsus Heydərpaşa köşkündə dünyaya gəldi və beləcə, səltənətin ləğvindən sonra dünyaya gələn ilk xanım sultan oldu. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun son xanımı Neşəmənd xanımdır. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, hələ 2 yaşı tamam olmayan Mihrimah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Mihrimah Sultan Qahirə və Parisdə təhsilini tamamladı. 1934-cü ildə anası Neşəmənd xanım, 1938-ci ildə isə atası Ziyayəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Mihrimah Sultan, bacısı Lütfiyə Sultan və ailəsiylə birlikdə İordaniyaya köçdü.
İkinci Dünya müharibəsi davam edərkən, 30 sentyabr 1940-cı ildə Mihrimah Sultan İordaniya kralı I Abdullahın kiçik oğlu Nayef ibn Abdullahla nigahlandı. Cütlüyün toy mərasimi isə 7 oktyabrda Lütfiyə Sultanın köşkündə baş tutdu və ənənəyə sadiq qalaraq 7 gün boyunca davam etdi. Mərasimin ardından Ammana köçən cütlüyün ilk övladı Əli 10 avqust 1941-ci ildə, ikinci övladı Asim isə 27 aprel 1948-ci ildə məhz bu şəhərdə dünyaya gəldi.