Nazim Əkbərov
Əkbərov Nazim Fərrux oğlu — ssenarist.
Nazim Əkbərov 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Xarici Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsini ingilis və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdir. 1972–1979-cu illərdə Babək rayonunun Təzəkənd, Qoşadizə, Nehrəm, Yarımca, Sovetabad kənd məktəblərində müəllim, Babək rayon qiyabi orta məktəbində, sonra Babək rayon xalq təhsili şöbəsində metodist vəzifələrində işləmişdir. 1979–1991-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti aparatında əvvəlcə məsləhətçi, sonra işlər müdiri, daha sonra təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1991-ci ilin iyun ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan MR təhsil naziri vəzifəsində işləyib. Bu vəzifədə bir sıra yeni tipli məktəblər – Naxçıvan şəhərində "Xanım qızlar pansionu" adlı qız məktəbi, Hərbi-İdman Təmayüllü Lisey, Naxçıvan Türk Liseyi, Ordubad Türk Qız Liseyi, Şərur Türk Liseyi, İlahiyyat təmayüllü "Hilal" liseyi, Babək rayonunda biologiya-kənd təsərrüfatı təmayüllü təsərrüfat hesablı liseylər açıb.
1994-cü ildən Çağ Öyrətim İşlətmələri şirkətində baş pedaqoji müşavir vəzifəsində, təhsil sahəsində həyata keçirilən kurikulum islahatında mənəviyyat üzrə milli məsləhətçi kimi də fəaliyyət göstərir.
Mənəviyyata, əxlaq məsələlərinə dair 8 kitabda onun hekayələri, esseləri, məqalələri, irpərdəli pyesləri toplanmışdır. Mənəviyyat, əxlaq və davranış qaydalarına dair beş dərs vəsaitinin müəllifidir.