Əməyin iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir.
Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir.
Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.