Ağamusa Axundov
Axundov Ağamusa Ağası oğlu (2 fevral 1932, Kürdəmir – 5 sentyabr 2015, Bakı) — Azərbaycanın ədəbiyyatşünası, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi (1990).
== Həyatı ==
Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950–1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959–1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958–1959), baş müəllimi (1959–1961), dosenti (1961–1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967–1974 və 1980–1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981–1999). AMEA-nin Dilcilik institunun direkroru (1990–2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.
== Ədəbi fəaliyyəti ==
Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.
Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir.
Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965–1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-də olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).