Hüseyn Abbaszadə
Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991).
== Həyatı ==
Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.
Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.