Abstraksionizm
Abstraksionizm, abstrakt sənət və ya mücərrəd sənət (lat. abstractio — ayırma, təcridetmə) — XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi 1910-cu illərin əvvəlində yaranmışdır; baniləri Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən, teosofiya doktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Belə
ki, Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealist metafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsi rəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri, Vasili Kandinskinin Bauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət — həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi.