Uaythed Alfred Nort
Vaythed Alfred Nort (15 fevral 1861[…], Ramsheyt, Kent qraflığı – 30 dekabr 1947[…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır.
== Həyat və yaradıcılığı ==
Keşiş ailəsində doğulan Vaythed 1880-ci ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən "Principia Mathematica" adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. "Təbiətin dərki prinsipləri" və "Təbiət anlayışı" əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti "təbiətin ikiqat artırılması", yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi.