Anemiya
Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") — qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir.
== Başvermə ==
Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur.