Yaponiyada antisemitizm
Yaponiyada antisemitizm (日本における反ユダヤ主義, Nihon ni aru hanyudayaşuqi) ilk dəfə XX əsrin birinci yarısında yayılmağa başlamışdır. İkinci dünya müharibəsində Yaponiyada antisemitik təbliğatlar aparılsa da, Yaponiya qeyri-monoteist ölkə olduğu üçün və böyük yəhudi icmasına malik olmadığı üçün bu idealogiya heç vaxt geniş yayılmamışdır.
Yapon–yəhudi münasibətləri XIX əsrin ikinci yarısında başlamışdır. Yaponiyada yəhudilər haqqında ilk mənfi ideyalar 1877-ci ildə Vilyam Şekspirin "Venesiya taciri" əsərinin tərcüməsi ilə yaranmışdır.
Yaponiyaya antisemitizmi 1918–22-ci illərdə Sibirdə döyüşmüş və Ağ qüvvələrlə əlaqələr yaratmış yapon əsgərlər gətirmişdir. 1920-ci illərdə Yaponiyada sağçılar yəhudiləri təsvir edərkən "yəhudi təhlükəsi", "kommunizmin səbəbkarları", "dünyanı idarə etmək konspirasiyası" kimi ifadələrdən istifadə etməyə başlamışdırlar. Buna baxmayaraq, liberal alim Sakuzo Yoşino və başqa yazıçılar antisemitizmi tənqid etmiş, hətta bəziləri yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsini təbliğ etmişdirlər. Fələstində olmuş, sionist liderlərlə görüşmüş polkovnik Norihiro Yasue və donanma kapitanı Koreşiqe İnuzuka antisemitik olsalar da, Yaponiyanın maraqları uğrunda yəhudilərlə əməkdaşlıq etməyə razı idilər. 1920–30-cu illərdə Yaponiya tərəfindən işğal edilmiş Mancuriya və Çin ərazilərində antisemitizm Ağ rus faşistləri tərəfindən təbliğ olunurdu. Onlar "Our Way" qəzetində idealogiyalarını yayırdılar və bir çox varlı yəhudini qaçırıb öldürürdülər.