Atamoğlan Rzayev
Atamoğlan Rzayev (1912 – 2 dekabr 1966) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949).
== Həyatı ==
Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.