Azərbaycan Atatürk Mərkəzi
Azərbaycanda Atatürk Mərkəzi və ya qısaca AzAtaM — Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir. Mərkəzin müdiri Nizami Cəfərovdur.
== Tarixi ==
Azərbaycanda Atatürk Mərkəzi türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.
2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin bir sıra xarici qonaqlar – Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural, türkdilli ölkələrin Bakıdakı səfirləri həmin mərasimdə iştirak etmişdir.
== Fəaliyyəti ==
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
Mərkəz Azərbaycan Respublikasının elmi-mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
== Əsas vəzifələri və funksiyaları ==
Mərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafındakı rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.