Atəşböcəklərinin məzarı (cizgi filmi, 1988)
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır.
Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir.
== Məzmun ==
Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir.
Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.