Mirzə Məhəmməd Axundzadə
Mirzə Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (24 may 1875, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1923, Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — maarif və teatr xadimi, şair, publisist, tərcüməçi, folklorşünas, filoloq alim, dramaturq.
Mirzə Məhəmməd Axundzadə 1875-ci il mayın 24-də Gəncədə ruhani ailəsində doğulmuşdur.. İbtidai təhsilini Gəncədə Şah məscidindəki mədrəsədə almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Gəncə gimnaziyasını bitirmiş, orada müəllim işləmişdir.
Bir müddət Gəncə sənət məktəbində və Məktəbi-ruhaniyyədə müəllimlik etmişdir. Gəncədə "Sənayeyi-nəfisə" ədəbi dərnəyinin "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında iştirak etmişdir. Bu dövrdə "Sərfi-türki" (1897), "Əqaidi-əl Müslimin" (1908) dərsliklərini yazıb Tiflisdə çap etdirmişdir. Bu dərsliklər məktəblərdə uzun müddət tədris olunmuşdur. Klassik Avropa ədəbiyyatına dərindən bələd olduğundan, ayrı-ayrı əsərləri doğma ana dilinə tərcümə etmişdir. İlk qələm təcrübələri "Şərqi-rus" qəzetində "Axundzadə", "Gəncəli", "Hadı" imzaları ilə çıxmışdır.