Məhəmməd Ağaoğlu
Məhəmməd Ağaoğlu (ing. Mehmet Aga-Oglu; 24 avqust 1896, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 iyul 1949, Detroyt, Miçiqan, ABŞ) — alim-sənətşünas, filologiya elmləri doktoru, professor.
Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olmuş və bu onda tədqiqatçılığa meyl oyatmışdır. O, 1916-cı ildə MDU-nu, 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.
MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər etmiş, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir.
Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır.