Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçay dövlət təbiət qoruğu — nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir, lakin əsl nəhəng-yaşı 1200–1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.