Sonun başlanğıcı (film, 2012)
Həyat sürprizlərlə doludur. Atdığımız hər bir addımın bizi haraya apardığını tam olaraq bilmirik. Əlbəttə, qarşımıza hədəflər qoyuruq, özümüz üçün müəyyən məqsədlər müəyyənləşdiririk və sonra da addım-addım bu hədəf və məqsədlərə doğru irəliləməyə başlayırıq. Ancaq hər zaman əvvəlcədən müəyyənləşdirdiyimiz məqsədə nail ola bilmirik. Axı həyat sürprizlərlə doludur… Bəzən üzümüzə gülən həyat, bəzən də bizi ağladır, içimizi sızladır. Bunlar qaçılmazdır. Yetər ki, biz başımıza gələnlərdən dərs çıxaraq, ibrət götürək.
"Sonun başlanğıcı" çoxseriyalı bədii filminin qəhrəmanı Mənsur da tipaj olaraq həyatın həm güldürdüyü, həm ağlatdığı, həm də sonradan bir daha güldürdüyü obrazdır. Bu baxımdan serialdakı Mənsur obrazının yaşadığı həyatı üç mərhələyə bölmək olar.
Birinci mərhələdə Mənsur həyatın məqsədini yeyib-içməkdə, dostları ilə birgə eyş-işrət məclisləri qurmaqda, qısacası, böyük iş adamı olan atası Məcidin qazandığı pulları göyə sovurmaqda görür.