Babadağ qrupu
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.
Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir.
== Ümumi məlumat ==
Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar.