Balababa Məcidov
Balababa Fərəc oğlu Məcidov (12 mart 1912, Bakı – 3 iyul 1975, Bakı) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, tibb sahəsində tanınmış alim.
== Həyatı ==
Məcidov Balababa Fərəc oğlu 12 mart 1912-ci ildə Bakıda anadan olmuşdur. 1930-1935-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutu Müalicə fakültəsində təhsil almışdır. B.Məcidov həkimlik fəaliyyətinə vəba ilə mübarizə kompaniyası ilə başlayır: 1935-ci ildə Saratovdakı vəba əleyhinə institutda dörd aylıq təlim kursu keçmiş, sonra Azərbaycan SSR-nin Puşkin bölgəsinə (indiki Biləsuvar) vəba əleyhinə məntəqənin müdiri olaraq göndərilmişdir.
1937-ci ildə Balababa Məcidov Bakıya Epidemiologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutunda Bakterial preparatların istehsalı üzrə direktor müavini vəzifəsində işləməyə göndərilir. 1940-cı ildə həmin institutun direktoru təyin edilir və 1946-cı ilə qədər bu vəzifədə çalışır.
1946-48-ci illərdə Balababa Məcidov Azərbaycan SSR Səhiyyə nazirinin birinci müavini, 1948-50-ci illərdə isə SSRİ Səhiyyə Nazirliyinin Azərbaycanda vəbaya qarşı mübarizə stansiyasının elmi hissə üzrə rəis müavini olmuşdur. 1950-ci ildə o, Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun Epidemiologiya şöbəsinin müdiri, 1953-cü ildə isə yenidən həmin institutun direktoru təyin edilir və ömrünün sonunadək burada çalışır. Bağırsaq infeksiyası sahəsində tədqiqat işlərini davam etdirən Balababa Məcidov 1957-ci ildə “Azərbaycan SSR-də bakterial dizenteriya” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1958-ci ildə isə professor adını almışdır.