Yaponiya Bankının Valyuta Muzeyi
Yaponiya Bankının Valyuta Muzeyi (貨幣博物館, Kahey Hakubutsukan) – Yaponiyanın Tokio şəhərində, Yaponiya bankının qabağında yerləşən muzey. Muzey Yaponiya tarixində istifadə olunmuş sikkə və əsginaslara həsr olunmuşdur.
Yaponiya Bankının Valyuta Muzeyi 1985-ci ildə Yaponiya bankının 100 illiyi münasibətilə açılmışdır. Muzeyin məqsədi Yaponiya pullarını toplamaq, mühafizə etmək və nümayiş etdirməkdir.
Muzey sərgisinin əsasının Senpeykan kolleksiyası təşkil edir. Bu kolleksiya XIX–XX əsrlərdə yaşamış numizmatik Tanaka Keybuna məxsusdur. O, Yaponiya və Çində istifadə olunmuş tarixi valyutaları toplamışdır. Kolleksiya Senpeykan muzeyində saxlanılmış olsa da, 1944-cü ildə Yaponiya bankına bağışlanılmışdır.
Muzeydə Yaponiyanın ilk sikkələri olan fuhonsen sikkələrinin replikaları, Min sülaləsi dövrünə aid Çin sikkələri, vadokayçin sikkələri, qızıl külçələr, oban adlı qızıl sikkələr, Yaponiya bankı tərəfindən tədavülə buraxılmış ilk əsginas sərgilənir. Miyazaki prefekturasında kəşf edilmiş və kim tərəfindən basdırıldığı naməlum olan 7700 Çin sikkəsi muzeyin 60 santimetr hündürlüyündəki gil qabında saxlanılır.