Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur.
"Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir.
Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.