Bağdadın mühasirəsi (1258)
Bağdadın mühasirəsi — Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinin monqollar tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. 1258-ci ildə Hülakü xanın başçılığı altında monqol qoşunları və onların müttəfiqləri Abbasi xilafətinin paytaxtı Bağdadı (hazırda İraqın paytaxtı) mühasirəyə almışdılar.
Bağdad ələ keçirildikdən sonra talan edilmiş və yandırılmış, 100 min ilə 1 milyon arası mülki şəxs öldürülmüşdür. Bağdadın kitabxanaları, o cümlədən Hikmətlər evi monqollar tərəfindən dağıdılmış, kitablar Dəclənin axınını dayandırmaq üçün çaya atılmışdır. Bağdad şəhəri məhv edilmiş və bir neçə əsr xarabalıq olaraq qalmışdır, bu da İslamın qızıl dövrünün sonunu gətirmişdir.
== Zəmin ==
Bağdad əsası indiki İraq olan Abbasilər xilafətinin paytaxtı idi. Abbasilər 750-ci ildə Əməviləri əvəz etmişdir və onlar 653-cü ildə vəfat edən Abbas ibn Əbdülmüttəlibin nəslindən idilər. Bağdad şəhəri öz zirvəsində olanda onun bir milyona yaxın əhalisi və 60 min nəfərlik qarnizonu var idi. XIII əsrin ortalarında xilafətin qüdrəti xeyli azalmış və əhəmiyyətsiz bir dövlətə çevrilmmişdir. Abbasi xəlifələri məmlük və səlcuqi sərkərdələrinin əlaltılarına çevrilmişdilər, lakin yenə də böyük simvolik əhəmiyyətə malik idilər.