Belçika mədəniyyəti
Belçika mədəniyyəti — Belçika ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş mədəni irs.
Belçikanın ərazisində qədim kelt və qədim Romaya aid olan incəsənət abidələri mövcud olmuşdur. Ayrı-ayrı feodallıqlara parçalanmış Belçikanın şəhərləri Orta əsrlərdə sürətlə inkişaf etmiş və Avropanın mədəni mərkəzlərindən biri olmuşdur. Belçikanın Turn, Brügge, Gent, Brüssel, Antverpen və Mehelen şəhərlərində XI–XII əsrlərdə roman üslubunda, XIII–XIV əsrlərdə qot üslubunda çox əzəmətli kilsələr tikilmişdir. XIV-XV əsrlərdə Niderland mədəniyyətinin təsiri altında vahid flamand rəssamlıq məktəbi yaranmışdır və bu məktəbin yaradıcısı Yan Van Deyk idi. İntibah dövrü flamand rəssamlığının ən görkəmli nümayəndələri isə P. Bregel (Böyük) və P. Bregel (Kiçik) olmuşdur. XVII əsrdə Flandriyada T. Rombouts, A. Yansens, F. Sneyders, Y. Feyt, Y. İordans, K. Yeqer, L.van Uden, K.de Vos, D. Tenirs və K. Heysmans kimi məşhur rəssamlar olmuşdur. Bütün bunlarla yanaşı Qərbi Avropa rəssamlığının ən görkəmli nümayəndələrindən olan P. P. Rubens və A.van Deyk məhz bu dövr flamand rəssamlıq məktəbinin içərisindən çıxmışdır. XVIII əsrdə flamand ədəbiyyatı elə də inkişaf etməsə də, memarlıq, rəssamlıq və digər incəsənət sahələri xeyli irəli getmişdir.
Belçikada yaşayan flamandlar da bir sıra başqa Avropa xalqları kimi azad yaşamaq, müstəqil olmaq arzusu ilə yaşayırdılar.