Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur.
== İlk dövrlər ==
Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.