Bosniyalı Dərviş Mehmed Paşa
Bosniyalı Dərviş Mehmed Paşa (1569 – 1606, Konstantinopol) — 1595–1596-cı illərdə kaptan-ı dərya, I Əhmədin hakimiyyəti dövründə,21 iyun 1606–9 dekabr 1606 tarixlərində isə ümumilikdə 5 ay 18 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.
== Həyatı ==
Mehmed Paşa əslən bosniyalı olmuşdur. Dəvşirilərək qapıqulu ocağına daxil olmuş, gənc yaşında bostancıbaşı olduğundan "Cıvan bey" olaraq anılmışdır. Gənc padşah I Əhmədin gözünə girən Dərviş Paşa 1605-ci ildə vəzirliyə yüksələrək kaptan-ı dərya seçildi. Dövrün validə sultanı olan Handan Sultan Dərviş Paşanı oğlundan uzaqlaşdırmaq istəsə də, Handan Sultan 12 noyabr 1605 tarixində vəfat etdi və beləliklə, Dərviş Paşanın mövqeyi gücləndi.Avstriya cəbhəsinin sərdarı Sədrəzəm Lələ Mehmed Paşa Avstriya ilə sülh danışıqları səbəbilə 1606-cı ilin may ayında paytaxta geri döndü. Ancaq Lələ Mehmed Paşanı özünə rəqib olaraq görən Dərviş Paşa sədrəzəmi paytaxtdan uzaqlaşdırmaq niyyətində idi. Bu məqsədlə sədrəzəmin Səfəvi cəbhəsinə yollanması üçün gənc padşaha təkidlər edirdi. Nəhayət, I Əhməd lələsi olan Lələ Mehmed Paşanı Səfəvi cəbhəsinə göndərmək üzrə qərar verdi. Ancaq Lələ Mehmed Paşanın cəbhəyə getmək istəməməsi səbəbilə padşahla münasibətləri pozulmuş, I Əhməd hətta öz lələsini edamla qorxutmuşdur. Bu olanları qəbul edə bilməyən Lələ Mehmed Paşa bir müddət sonra iflic keçirərək vəfat etdi.Dərviş Mehmed Paşa 21 iyun 1606 tarixində vəzir-i əzəm təyin edildi.