Braziliyanın dövlət quruluşu
Braziliyanın dövlət quruluşu - 1988-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Braziliya məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan Müstəqillik günü (1822) 7 sentyabr tarixində qeyd olunur. Ölkədə 5 oktyabr 1988-ci il Konstitusiyası qüvvədədir.
== İnzibati ərazi bölgüsü ==
Braziliya 26 ştata (Akri, Alaqoas, Amazonas, Amapa, Baya, Qoyas, Maranyan, Matu-Qrosu, Matu-Qrosudu-Sul, Minas-Jerays, Para, Paraiba, Parana, Pernambuku, Piaui, Rio-de-Joneyro, Riy-Qrandi-du-Norti, Riy-Qrandi-duSul, Rondoniya, Rorayma, Santa-Katarina, San-Paulu, Seara, Serjipi, Tokantins və Espiritu-Santu) və Braziliya federal dairəsinə bölünür.
== Dövlət başçısı ==
Ölkə Prezidenti dövlətə və özünün formalaşdırdığı Hökumətə başçılıq edir. Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaqla 4 il müddətinə seçilir. 1 yanvar 2011-ci ildən etibarən Braziliyanın hazırkı, sayca 36-cı Prezidenti, İşçi Partiyasının təmsilçisi xanım Dilma Rusefdir.
== Qanunverici hakimiyyət ==
Qanunverici hakimiyyət 1988-ci il Konstitusiyasına əsasən ABŞ federal sistemi modelinə uyğun iki palatalı orqan olan Milli Konqresdir. Konqres 2 palatadan - hər dörd ildən bir senatorların üçdə bir və yaxud üçdə iki hissəsi yenidən seçilmək şərti ilə, üzvləri üç mandatlı dairələrdən majoritar qaydada səlahiyyət müddəti 8 il olmaqla seçilən 81 yerlik Senatdan (sədri 2009-cu ildən Joze Sarneydir) və birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 513 yerlik Deputatlar Palatasından (sədri 2010-cu ildən Marku Mayadır) ibarətdir.