Sake butulkası
Tokkuri (徳利) və ya bəzən tokuri – sake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır.
"Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır.
Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı.
Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir.