Bülbülcan
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi.
== Həyatı ==
Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.
1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi.
1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi.