Qələndər Canbaxışov
Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü, AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin]3 mart 2021-ci ildən akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru
== Həyatı ==
Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir.
1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-cildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır.1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır.
Bir monoqrafiyanın (həmmüəlliflərlə), 115 elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur.