Ceyranlar düşərgəsi
Ceyranlar düşərgəsi — Qobustanda Kiçikdaş dağı ərazisində arxeoloji abidə.
== Arxeoloji tədqiqi ==
Ceyranlar düşərgəsi - Qobustanda Kiçikdaş dağı ərazisinin düzən sahəsinin şimal-şərq hissəsində üzərində qədim qayaüstü təsvirlər saxlanmış 49, 49a və 49b nömrəli daşların arasında əmələ gəlmiş, sahəsi 12 kv. metrə bərabər kiçik, yarımörtülü sığınacaqda aşkar edilmişdir. 1973-cü ildə "Ceyranlar"da (sığınacağın içində və çölündə olmaqla) 52 kv. m. sahədə arxeoloji qazıntı aparılmışdır. Daş dövrü qalıqlarına sığınacağın içində, orta əsrlərdə sığınacaq və onun ətrafından maldarların qışlaq yeri kimi istifadə etməsi nəticəsində əmələ gəlmiş təbəqənin altında rast gəlinmişdir. Burada mədəni təbəqə səviyyəsində materialın dəniz qumu ilə qarışdığından onun səviyyəsini və qalınlığını müəyyənləşdirmək mümkün olmamışdır. Qazıntı zamanı sığınacağın içərisində 20 sm peyin qatından sonra 50 sm dərinə qədər içərisində orta əsrlərə aid gil qab qırıqları və iki yerdə ocaq qalığı olan çürüntülü torpaq, onun altında 1 m dərinliyə qədər Daş dövrü qalıqlarına malik gil və qum qarışıqlı torpaq qatı aşkar edilmişdir. Düşərgədə 49a №-li qayanın üzərindəki qədim şəkillər 1 m dərinlikdən aşağı getmir.