Camo Cəbrayılbəyli
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı – 30 iyul 1965, Bakı) — Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq, metodist, publisist və yazıçı.
== Həyatı ==
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu.
O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi.
1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi.