Dəniz cərəyanları
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur.
== Təsnifatı ==
Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər.
Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.