Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar.
1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı.
Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi.
8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər.
Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.