Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.
== Toponimikası ==
1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.
Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s.