Nasist həbs düşərgələrinin siyahısı
Bu məqalə İkinci dünya müharibəsi və Holokost hadisələri dövründə bütün Avropada mövcud olmuş ən məşhur Nasist həbs və ölüm düşərgələrinin bir hissəsini əhatə edir. 1967-ci ildə Almaniya Ədalət Nazirliyinin tərtib etdiyi siyahıya əsasən almanlar tərəfindən işğal olunmuş ərazilərdə təqribən 1200 düşərgə və alt-düşərgənin mövcud olduğu bildirilsə də, Yəhudi Virtual Kitabxanasının məlumatına görə işğal olunmuş ölkələrdə ümumilikdə almanlar tərəfindən düzəldilmiş 15,000 düşərgə var idi.
Müharibənin başlamasından əvvəl, 1933-1939-cu illərdə bu cür həbs düşərgələrində saxlanılan məhbusların əsas hissəsini alman kommunistlər, sosialistlər, sosial-demokratlar, qaraçılar və Yehova şahidləri təşkil edirdi.
"Həbs düşərgəsi" termini tez-tez İkinci dünya müharibəsi ərzində mövcud olmuş bütün alman düşərgələri üçün ümumi ad kimi işlədilir. Lakin, alman düşərgə sistemində müxtəlif növ toplama düşərgələrinin olması da bir faktdır. Ölüm düşərgələri və toplama düşərgələri arasında bir sıra fərqlər var idi.
Həbs düşərgələri əsas etibarilə saxlanma və məhbusların əmək istismarı mərkəzi kimi fəaliyyət göstərirdi. ABŞ Holokost Memorialı Muzeyi tərəfindən təşkil olunmuş araşdırmalara əsasən müharibə illərində 42,500 düşərgə və gettoda saxlanılan ümumilikdə 15–20 milyon insandan köləlik məqsədləri üçün istifadə edilmişdir. Almaniyada və almanlar tərəfindən işğal olunmuş Avropa ərazilərində mövcud olmuş 20,000 həbs düşərgəsi insanlığa qarşı baş tutmuş bu cür terror aktlarında mühüm rol oynamışdır. Bu cür düşərgələrin əksəriyyəti öz müharibə cinayətlərini və insanlığa qarşı baş vermiş cinayətləri ört-basdır etmək məqsədilə Antihitler koalisiyasının əlinə keçməzdən əvvəl almanlar tərəfindən dağıdılmışdır.