Apatit filizləri
Apatit filizləri – texnoloji və iqtisadi göstəricilərinə görə istismara yararlı apatitli təbii polimineral törəmələri. Apatit filizlərini mineral tərkibinə görə silikatlı-oksidli, silikatlı, karbonatlısilikatlı, karbonatlı və hidrosilikatlı-hidroksidli, P2O5-in miqdarına görə isə zəngin (16%-dən çox), adi (8–16%), kasıb (4–8%) və çox kasıb (4%-ədək) növlərə ayırırlar. Mineral tərkibindən asılı olan saflaşdırılma dərəcəsinə görə asan (apatit konsentratında P2O5-in miqdarı 90%-dən çox), qənaətbəxş (70–90%) və çətin saflaşan (70%-dən az) Apatit filizləri var. Silikatlı filizlər (apatit-nefelinli və s.) asan, karbonatlı və hidrosilikatlı-hidroksidli filizlər isə çətin saflaşır. Əmələgəlmə şəraitinə görə Apatit filizlərinin maqmatogen, metamorfogen və sedimentogen yataq tipləri olur. Maqmatogen, eləcə də sedimentogen (aşınma qabığı törəmələri) tipli yataqlar daha böyük sənaye əhəmiyyətinə malikdir. Apatit filizlərinin dünya üzrə ümumi ehtiyatı (P2O5 üzrə) təqribən 1,2 mlrd. tondur. Əsas yataqları RF-də (dünya ehtiyatının 1/3-i), həmçinin Vyetnam, Braziliya, CAR, Finlandiya, Uqanda, Norveç, Zimbabve, Kanada, İspaniya və Hindistandadır. Apatit filizlərindən mineral gübrələr istehsalında, metallurgiya, keramika və şüşə sənayesində istifadə olunur.