Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı.
== Futbolçu karyerası ==
Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.