Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi.
== Zəmin ==
Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.