Zaur Məmmədov (general-mayor)
Zaur Sabir oğlu Cavanşir (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020).
Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir.
Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir.
== Həyatı ==
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir.
== Hərbi xidməti ==
Xüsusi Təyinatlı Qüvvələrdə xidmətindən başqa cəhbə bölgəsində taqım, bölük, tabor, briqada komandiri vəzifələrində xidmət etmişdir.
2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil almışdır.
Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.