Asiya geologiyası
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir.
== Ümumi məlumat ==
Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.