Gicitkan
Gicitkən (lat. Urtica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinə aid bitki cinsi.
== Ümumi məlumat ==
Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir.
Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır.
Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir. Gicitkənin yarpaq və gövdələrinin üstü silisium və qarışqa turşusu ilə zəngin sıx tükcüklərlə əhatə olunmuşdur.