Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı — Qəndəhar mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Bu şəhərə sahib olan dövlət Hindistana gedən ticarət yollarından gələn böyük vergilərə də sahiblik edəcəkdi. Səfəvi imperiyası bu şəhəri ilk dəfə 1537-ci ildə I Təhmasibin dövründə ələ keçirdi, lakin növbəti əks-hücuma keçən Böyük Moğol imperiyası şəhəri geri qaytara bildi. Lakin Böyük Moğol imperiyası hökmdarı Hümayun hakimiyyətdən devrildikdən sonra şah I Təhmasibdən yardım istədi və Cənubi Azərbaycanın Sultaniyyə şəhərində baş tutmuş görüşdə razılığa gəlindi ki, taxta geri dönməsinə ediləcək hərbi yardımdan sonra Hümayun bunun qarşılığında şiəliyə keçəcək və Qəndəharı I Təhmasibin oğlu Murad Mirzənin xeyrinə güzəştə gedəcəkdi. Belə də oldu, lakin Murad Mirzənin qısa müddət sonra ölümü ilə bu şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrildi. 1545-ci ildə Osmanlı ilə Səfəvi imperiyası arasında olan müharibədən istifadə edən moğollar şəhəri ələ keçirirlər, Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı. 1590-cı illərdə Səfəvi imperiyasının pis vəziyyətindən yararlanan moğollar şəhəri yenidən ələ keçirdilər, 1620-ci illərin əvvəllərində isə Səfəvilər şəhəri yenidən geri qaytardılar. Bundan əvvəl isə, Şah I Abbas Qəndəharı mühasirəyə almış, lakin uğursuz olmuşdu. 1622-ci ildə yenidən Səfəvi imperiyası hakimiyyəti altına qayıdan şəhər 1638–ci ildə yenidən əl dəyişdirdi və bu hal 1649-cu ilə qədər davam etdi. Bu ildə II Abbas şəhəri uğurlu yürüşlə geri qaytardı və onun şəhərə yerləşdirdiyi qarnizon uğurla moğolların 3 mühasirəsini dəf etməyi bacardı.