Hüceyrənin kimyəvi tərkibi
Hüceyrənin kimyəvi tərkibi — Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır. Bu, canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır.
== Hüceyrәnin element tәrkibi ==
Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur.
Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor deposu rolunu oynayır.