Həsənbəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837 və ya 28 iyun 1842, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, 1907 və ya 15 (28) noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
== Həyatı ==
Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir.
Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.