Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi (Şuşa)
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır.
== Tarixi ==
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür.
2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir.