Azərbaycan ovçuluq inancları
Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s.
== İnanclar ==
Azərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir. Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar.
Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər.