Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA)
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və ya qısaca AIDA (eng. – Azerbaijan International Development Agency) — 2011-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmışdır.
AIDA Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. AIDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
AIDA-nın büdcəsi illik olaraq dövlət büdcəsi hesabına formalaşır. AIDA-nın fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə uyğun olaraq məqsədyönlü şəkildə qurulur. Agentliyə rəhbərliyi xarici işlər naziri tərəfindən təyin edilmiş Agentliyin rəisi həyata keçirir. AIDA-nın əməkdaşları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarıdırlar. AIDA Afrika, Asiya və Latın Amerikasında humanitar və texniki yardım sahələri üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının və AIDA-nın həyata keçirdiyi proqramlardan 90-dan çox ölkə faydalanmışdır.