Azərbaycan SSR əməkdar inşaatçısı
Azərbaycan SSR əməkdar inşaatçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар иншаатчысы) — Azərbaycan SSR-də tikinti və layihələşdirmə sahəsində fərqlənən şəxslərə verilən fəxri ad.
== Tarixi və əsasnaməsi ==
"Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur.
Fəxri adla tikinti, layihələşdirmə sahəsində, mühəndis-texnik inşaatçı kadrları və arxitektorlar hazırlamaq sahəsində azı 10 il işləyərək yüksək əməli fəaliyyət göstərmiş və kütləvi mənzil tikintisi, mülki, idarə, sənaye, kənd təsərrüfatı binaları və başqa qurğular, binalar və ya xüsusilə mühüm xalq təsərrüfatı əhəmiyyəti olan obyektlər tikilməsində xüsusilə fərqlənən inşaatçılara, arxitektorlara, tikinti materialları sənayesinin və tikinti sənayesinin, layihə, elmi-tədqiqat təşkilatlarının və məktəblərinin işçiləri təltif olunurdu.
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.