Dərbənd istehkamları
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları.
Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.
Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.